Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı tədbirlər planına əsasən “Könüllülər həftəsi” proqramına start verilib.
Dekabrın 2-si İlham Əliyev adına Olimpiya İdman Kompleksində könüllü gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu reallaşıb. Oyuna start verilməzdən öncə nazirliyin əməkdaşı Valeh Mahmudov bildirib ki, “Könüllülər həftəsi” çərçivəsində 5 dekabradək müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. Qeyd olunub ki, könüllülük sahəsinə ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikada xüsusi önəm verilir, könüllülərin şəxsi inkişafı, karyera imkanlarının yaradılması istiqamətində dəstək göstərilir, onların yaxından iştirakı ilə müxtəlif tədbirlər, sosial layihələr icra olunur.
İntellekt yarışmasında müxtəlif qurumların könüllü qruplarından ibarət 6 komanda iştirak edib. Yarışmanın qalibi Gənclər və İdman Nazirliyinin könüllüləri – “Carpe diem” komandası olub.
Qeyd edək ki, qalib komanda “Könüllülər həftəsi”nin dekabrın 5-də keçiriləcək yekun tədbirində mükafatlandırılacaqdır.